ELM VƏ TƏHSİL
Liviyalı alim Xəzər Universitetində olmuşdur
Bakı, 23 aprel (AZƏRTAC). Xəzər Universitetində Liviyanın Mergib Universitetinin fizika kafedrasının müdiri, professor Ayad Şahut ilə görüş keçirilmişdir.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı alimin elmi fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, Ayad Şahut Belarus Elmlər Akademiyasında fizika üzrə doktorluq dərəcəsi almış, ixtisası kompyuter üzrə geniş diapazonlu nüvə fizikasıdır.
Liviyanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Naci Gazala Libyada keçid dövründə həyata keçirilən islahatlardan və bu sahədəki mövcud problemlərdən danışmış, Azərbaycanın təhsil sektorundakı yeniliklərin və ali təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Ayad Şahut eyni zamanda elmi nailiyyətləri və Xəzər Universiteti üçün hazırladığı tədris proqramından söhbət açmışdır.
Görüşdə müzakirələr aparılmışdır.