Lökbatan qəsəbəsinin giriş hissəsində təmir-tikinti işləri aparılır
Bakı, 3 aprel, AZƏRTAC
Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 28 may küçəsinin giriş hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri aparılır.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri uzunluğu 1 kilometr olan yolboyu aparılır. Yolun hərəkət hissəsinin eni 15 metrdir.
Təmir-tikinti işlərinin aparılmasında məqsəd yolun hərəkət hissəsində yaranmış qabarma və dağılmalardır. Bunu aradan qaldırmaq üçün yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, daha sonra yararsız qrunt 0,8-1 metr dərinlikdə qazılaraq çıxarılır.
Tikinti işlərinin aparıldığı ərazidə hərəkət müvəqqəti olaraq qısa müddətlik məhdudlaşdırılıb. Sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.
Texnoloji ardıcıllığa uyğun olaraq, yola 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
İşlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.