SİYASƏT
Londonda Azərbaycan ilə Böyük Britaniyanın enerji sahəsindəki əməkdaşlığının perspektivləri müzakirə edilmişdir
Bakı, 4 sentyabr (AZƏRTAC). Böyük Britaniyanın Avropa üzrə naziri Devid Lidinqton Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasında çıxışı zamanı bp şirkətinin rəhbərlik etdiyi “Şahdəniz” Konsorsiumunun Xəzər qazını Avropanın mərkəzinə nəql etməyinə dair planlarını dəstəklədiyini bəyan etmişdir.
Avropa Azərbaycan cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Böyük Britaniya-Azərbaycan dostluq qrupunun rəhbəri, parlamentin enerji komitəsinin üzvü Kristofer Pinçerin suallarını cavablandıran Devid Lidinqton bir neçə gündən sonra Azərbaycana səfər edəcəyi barədə də məlumat vermişdir. Avropa üzrə nazir rəsmi Londonun bp-nin rəhbərlik etdiyi qaz konsorsiumunun fəaliyyətini alqışladığını dilə gətirmişdir. Əmin olduğunu vurğulamışdır ki, bu layihə ölkələrimiz arasındakı mövcud əlaqələri daha da inkişaf etdirəcəkdir.
Kristofer Pinçerin təşkil etdiyi görüşdən sonra Böyük Britaniya Parlamentindəki bütün partiyalar üzrə Azərbaycan dostluq qrupunun üzvləri Londonda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək fikir mübadiləsi aparmışlar.
Qeyd edək ki, dostluq qrupunun 80-dən artıq üzvü vardır. Qrup Avropa Azərbaycan Cəmiyyəti ilə yaxından əməkdaşlıq edir.
Görüşdə bp-nin rəhbərlik etdiyi “Şahdəniz” konsorsiumu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iyunun 30-da Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisinə dair imzaladıqları hökumətlərarası sazişə müxtəlif şərhlər verilmişdir. Qeyd olunmuşdur ki, həmin kəmər vasitəsilə Xəzərin Azərbaycan sektorundan hasil olunan qazı Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə İtaliyaya çatdırılacaqdır. Hesablamalara görə, 2019-cu ildən sonra TAP vasitəsilə ildə 20 milyard kubmetr qaz nəql ediləcəkdir. Bu da öz növbəsində Avropanın enerji təhlükəsizliyini təmin etmiş olacaqdır.
Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzinin verdiyi məlumata görə, 2013-cü ilin ilk rübü ərzində Böyük Britaniya Azərbaycanın birbaşa xarici investisiyasında 44,1 faiz paya sahib olmuşdur. Statistik məlumata əsasən, hazırda ölkəmizdə 300-ə yaxın Böyük Britaniya şirkəti fəaliyyət göstərir.