İQTİSADİYYAT
Macarıstan şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirakı müzakirə edilmişdir
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də Nəqliyyat Nazirliyində Macarıstanın Milli İnkişaf Nazirliyinin İnfrastruktur üzrə dövlət naziri Pal Völnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir Ziya Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafından, irimiqyaslı islahatların həyata keçirilməsindən, beynəlxalq inteqrasiyada əldə olunan uğurlardan, o cümlədən Azərbaycanın yol-nəqliyyat sektorundakı yeniliklərdən, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən danışmışdır. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən Z.Məmmədov bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulamışdır. Nəqliyyat sektorunu əhatə edən sahələr - dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən nazir, bu istiqamətdə Macarıstan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın həm Azərbaycanın, həm də Macarıstanın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini söyləmişdir.
Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan Pal Völner, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd etmişdir.
Görüşdə, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər, həmçinin ölkələrimiz arasında nəqliyyat sahəsində normativ-hüquqi bazanın yaradılması məqsədilə müvafiq sazişlərin işlənib hazırlanması, Macarıstan şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak imkanları müzakirə edilmişdir.