İQTİSADİYYAT
Makedoniyalı nazir: Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi ilə əlaqələndirəcək qaz kəmərinin tikintisi işləri aparılır
![Makedoniyalı nazir: Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi ilə əlaqələndirəcək qaz kəmərinin tikintisi işləri aparılır](/files/2022/1/1200x630/16440607274704915120_1200x630.jpg)
Bakı, 5 fevral, AZƏRTAC
Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi ilə əlaqələndirəcək və 2,8 milyard kubmetr həcmdə təbii qazın nəql edilməsini nəzərdə tutan qaz kəmərinin tikintisi ilə bağlı işlər aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu həcmdə təbii qazın nəql edilməsi həm Şimali Makedoniyanın qaza olan tələbatını ödəməyə kömək edəcək, həm də ölkənin qonşu dövlətlər üçün tranzit əhəmiyyətinin artmasına təkan verəcək.
“Şimali Makedoniya və region dövlətləri alternativ enerji mənbələri tapmaq üçün səylərini əsirgəmirlər. Şimali Makedoniya nəinki özünün, həmçinin region ölkələrinin də iqtisadiyyatına kömək edəcək enerji mənbələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələrin uğurla başa çatdırılması üçün öz töhfəsini verməyə davam edəcək. Ona görə də biz daha çox yeni enerji təchizatı marşrutlarına sərmayə yatırmalıyıq və bu bizim prioritetlərimizdən biridir. İnanırıq ki, 2023-cü ildə Şimali Makedoniyanın Cənub Qaz Dəhlizi ilə birbaşa əlaqələndirilməsinə nail olacağıq”, - deyə nazir əlavə edib.