İQTİSADİYYAT
Malina Mard: Elektron kənd təsərrüfatının vacib komponentlərindən biri subsidiyaların idarə edilməsidir
Bakı, 28 yanvar, Elvin Camalov, AZƏRTAC
Yanvarın 28-də Bakıda “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin başlanmasına həsr olunan seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard təmsil etdiyi qurumun Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, sonuncu dəfə Aİ Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı birgə layihə həyata keçirib. Qida təhlükəsizlik sisteminin islahatı ilə əlaqədar “yol xəritəsi” hazırlanıb.
Azərbaycanda elektron kənd təsərrüfatının, eləcə də kənd yerlərinin inkişafında maraqlı olduqlarını bildirən Malena Mard bu sahədə əməkdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb.
“Elektron kənd təsərrüfatının vacib komponentlərindən biri subsidiyaların idarə edilməsidir. Aİ bu məsələdə böyük təcrübəyə malikdir. Lakin biz də hansısa məqamlarda səhv edə bilərik və buna görə də Azərbaycandan nəyisə öyrənməliyik. Biz Azərbaycanla bərabərhüquqlu tərəfdaşlar kimi işləyə bilərik. Layihədə işləyən ekspertlərimizin maraqlı təklifləri var. Bu sahədə Azərbaycan hökuməti, fermerlər, qeyri-dövlət təşkilatlarının birgə işləməsi vacibdir. Layihə kənd təsərrüfatı üçün ayrılan subsidiyaların səmərəli istifadəsi üçün nəzərdə tutulub", - deyə M.Mard vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov inkişaf etmiş Avropa ölkələrinin elektron kənd təsərrüfatı ilə bağlı təcrübələrini araşdırdıqlarını, kənd təsərrüfatında istifadə olunan texnologiyaların səmərəli istifadəsi ilə bağlı proqram hazırladıqlarını, daha sonra isə Avropa İttifaqının Bakı nümayəndəliyinə bu layihənin icrasına dəstək vermələri üçün müraciət edildiyini diqqətə çatdırıb.
Ötən ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunduğunu xatırladan İ.Bayramov elektron kənd təsərrüfatı layihəsinə dövlət tərəfindən verilən dəstəyin bu sahənin inkişafına müsbət təsirindən danışıb.
Həmçinin İ.Bayramov Aİ ilə növbəti layihəyə də başladıqlarını bildirib. Kənd təsərrüfatı subsidiyalarının ədalətli paylanması ilə bağlı olan yeni layihədən qazanılan təcrübə digər Avropa ölkələrində də istifadə ediləcək.
“Layihənin icrası üçün Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibi "Vialto Consulting" (Macarıstan), "Telfort" (Niderland), "Agrotec" (İtaliya), Elmi-Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı İnstitutu (Macarıstan), İqtisadi İslahatlar İnstitutu (Niderland) və Litva Milli Ödəniş Agentliyini özündə birləşdirən "Vialto" konsorsiumudur. Layihənin dəyəri 1,14 milyon avro təşkil edəcək”, – deyə İ.Bayramov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Hökumətinə elektron kənd təsərrüfatı təşəbbüsünün icrası istiqamətində göstərdiyi dəstəyin davamı olaraq, Avropa İttifaqı 2015-ci il 11 noyabr tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən olan tərəfdaşları ilə birgə “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinə başlayıb.
Layihənin məqsədi bu sahədə siyasətin formalaşması və siyasi təsirlərin qiymətləndirilməsi istiqamətində məlumatların etibarlı olmasını təmin etmək, son nəticədə kənd ərazilərində həyat şəraitinin yaxşılaşmasına kömək göstərməkdir.