İQTİSADİYYAT
Martın 16-dan etibarən satış yarmarkaları fəaliyyətə başlayacaqdır
Bakı, 15 mart (AZƏRTAC). Xəbər verdiyimiz kimi, martın 16-dan etibarən Novruz bayramı ilə əlaqədar təşkil olunan ərzaq və kənd təsərrüfatı mallarının satışı yarmarkaları fəaliyyətə başlayacaqdır.
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil olunan yarmarkaların keçirilməsində məqsəd əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yarmarkalar Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 nömrəli peşə liseyinin həyəti, Xətai rayonu Bakı kinoteatrının yanı, Nərimanov rayonu Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi, Nəsimi rayonu “Təzə bazar”ın ərazisi, Səbail rayonunun Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı, Suraxanı rayonunun Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında təşkil olunacaqdır.
Yarmarkalar martın 19-dək davam edəcəkdir.