REGİONLAR
Masallıda dahi bəstəkar Qara Qarayevə həsr olunmuş “Əbədi musiqi günəşi” mövzusunda konsert proqramı keçirilib
Masallı, 7 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, dünyaşöhrətli bəstəkar Qara Qarayevin anadan olmasının 104-cü ildönümü münasibətilə “Əbədi musiqi günəşi” mövzusunda konsert proqramı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl qonaqlar Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Şəhər İncəsənət Məktəbinə baş çəkərək, müəssisələrin iş prosesi və kollektivlərə yaradılan şəraitlə tanış olub, Masallı Rayon Mədəniyyət Mərkəzinin foyesində gənc rəssamların Qara Qarayevin yaradıcılığına həsr edilmiş rəsm sərgisi ilə tanış olublar.
Bəstəkar Qara Qarayevin “Tsarskoye selo heykəli” fortepiano pyesinin səsləndirilməsi ilə başlayan musiqili tədbirdə “Vətən” operasından ariyalar, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar ifa olunub.
Bakının tanınmış sənət təhsili ocaqlarından olan Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi konsertdə maraqlı proqramla çıxış edib.
Konsertdə Əməkdar artist Əziz Qarayusiflinin rəhbərlik etdiyi incəsənət heyətinin ifasında dahi sənətkar Qara Qarayevin irihəcmli əsərlərindən parçalar səsləndirilib, rəqs nömrələri ifa olunub.
Konsertdə, həmçinin Qara Qarayevin mahnı, romans və digər janrlarda musiqi əsərləri tamaşaçılara təqdim edilib.
Proqramda musiqi partiyalarını Əməkdar artistlər Əziz Qarayusifli və Anton Ferştdant, beynəlxalq müsabiqələr laureatları Mətanət Nurullayeva, Şəhanə Əhmədsoy, Aylin Babayeva, Mehriban Quliyeva, Məryəm Məmmədova, Ömər Məmmədli və başqaları ifa ediblər.