SİYASƏT
MDB ÖLKƏLƏRİ DİN BAŞÇILARI YALTADA TOPLAŞMIŞLAR
Kiyev, 4 iyun (AZƏRTAC). Ukrayna DİN rəsmi veb-saytının məlumatına görə iyunun 4-də Yaltanın Livadiya sarayında MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası başlamışdır.
İclasda birliyin 11 ölkəsinin müvafiq nazirliklərinin rəhbərləri iştirak edirlər. Azərbaycanı həmin iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov təmsil edir.
Gündəliyə daxili işlər nazirliklərinin (polisin) əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, cinayətkarlığa qarşı mübarizə üzrə dövlətlərarası proqramların həyata keçirilməsi gedişi, informasiya texnologiyalarından istifadə olunması ilə əlaqədar olan yeni cinayət formalarına qarşı profilaktik tədbirlərin qəbul olunması, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında və digər məsələlər daxil edilmişdir.
Bir sıra ikitərəfli və çoxtərəfli görüşlərin də keçirilməsi planlaşdırılmışdır.
Forumun nəticələri ilə əlaqədar bir sıra yekun sənədlər imzalanacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev