MƏDƏNİYYƏT
Mədəniyyət Mərkəzində Qurban bayramı və Dövlət Bayrağı Günü qeyd olunmuşdur
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də İ.Əbilov adına Mədəniyyət Mərkəzində Qurban bayramı və Dövlət Bayrağı Günü münasibətilə bayram konserti təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənmiş və dövlət bayrağı zala gətirilmişdir.
Tədbirdə çıxış edən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərli qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu bayramın təsis edilməsi Azərbaycan Prezidentinin dövlət atributlarına verdiyi dəyərin bariz nümunəsidir. M.Əsgərli vurğulamışdır ki, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin eyni dövrə təsadüf etməsi də bu uzaqgörən siyasətin məntiqi nəticəsidir. Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd edilməsi müstəqilliyimizin gələcəkdə daha da möhkəmlənməsinə və qüdrətlənməsinə xidmət edəcəkdir.
Tədbirin bədii hissəsində mədəniyyət mərkəzinin “Şəlalə” xalq çalğı alətləri xalq ansamblı, “Vurğun” poeziya teatrı və “Qağayı” məktəblilər ansamblı, Azər Nəsibov adına İncəsənət Gimnaziyasının şagirdləri çıxış etmişlər.