CƏMİYYƏT
Məhkəmələrin qərarı ilə müsadirə olunmuş 386 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr məhv edilmişdir
Bakı, 25 iyun (AZƏRTAC). Məhkəmə qərarları ilə müsadirə olunmuş və barəsində məhvetmə qərarı çıxarılmış narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları iyunun 25-də Sabunçu rayonundakı Bakı neft-mədən maşınqayırma zavodunun inzibati ərazisində məhv edilmişdir.
AZƏRTAC xəbər verir ki, narkotiklərin məhv olunması tədbirində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, aidiyyəti qurumların əməkdaşları və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyev demişdir ki, bu gün narkotiklərlə bağlı 168 cinayət
işi üzrə qərar çıxarılmış və məhkəmələrin hökmləri ilə müsadirə edilmiş 386 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr (34 kiloqram 073,56 qram heroin, 59 kiloqram 627,9 qram tiryək, 122 kiloqram 774,12 qram marixuana, 79 kiloqram 206,2 qram həşiş, 34 kiloqram 708,35 qram və 1412 ədəd çətənə kolu, 53 kiloqram 987,5 qram xaş-xaş, 2 kiloqram 305,306 qram metamfetamin) məhv edilmişdir.
Bildirilmişdir ki, Səhiyyə Nazirliyinin təqdim etdiyi məlumata əsasən, respublika üzrə narkotik istifadəçilərin ümumi sayı 27 min 910 nəfər təşkil edir.
Qeyd edilmişdir ki, 2013-cü ilin 5 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən 1282 cinayət faktı aşkar olunmuşdur. Bunlardan 344-ü satış, 889-u saxlama, 36-ı əkin, 13-ü isə digər cinayət faktlarıdır. Həmin faktlar üzrə 336 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür.