CƏMİYYƏT
Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamının icrasına başlanılmışdır
Bakı, 23 iyun (AZƏRTAC). İyunun 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamının icrasına başlamışdır.
AZƏRTAC xəbər verir ki, Penitensiar Xidmətinin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə müvafiq sənədləri təqdim etmişdir.
Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı müvafiq Sərəncamla 66 nəfər əfv olunmuşdur. Onlardan 58-i cəzasının çəkilməmiş hissəsindən, iki nəfər islah işləri, 6 nəfər isə cərimə cəzasından azad olunmuşdur.
Əfv Sərəncamının icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar Xidmət rəhbərliyinin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldığı Qaradağ rayonundakı 13 və 14 saylı cəzaçəkmə müəssisələrində olmuş, Sərəncamın vaxtında icrasını təmin etmişlər.
13 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə çıxış edən müəssisəsinin rəisi, ədliyyə polkovniki Bəhram Əsgərov bildirmişdir ki, bu əfv fərmanı rəhbərlik etdiyi qurumda 7 nəfərə şamil olunmuşdur. Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Prezident İlham Əliyevin etimadını qazanmalı və Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər.
Sonra Sərəncamın icrası 14 saylı cəzaçəkmə müəssisəsində yerinə yetirilmişdir. Çıxış edən məsul şəxslər söyləmişlər ki, cəzaçəkmə müəssisəsindən 13 nəfərin azadlığa buraxılması təmin edilmişdir.
Digər çıxış edənlər ölkəmizin başçısının bu humanist addımının yüzlərlə ailəni sevindirdiyini demişlər.
Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxınları bu humanist addımı yüksək qiymətləndirmiş, Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.