REGİONLAR
MELİORASİYA İŞLƏRİNİ APARMAQ ÜÇÜN TEXNİKİ İMKAN DA VAR, HÜQUQİ BAZAVƏ İXTİSASLI KADRLAR DA
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin vəzifəsini icra edən Əhməd Əhmədzadə AZƏRTAC-ın müxbirinə demişdir ki, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqların payına düşür. İsifadə olunan torpaqların 600 min hektarı kompleks meliorasiyadan keçmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 130- a yaxın su anbarı, 50 min kilometr uzunluğunda suvarma kanalı, 32 min kilometr uzunluğunda kollektor-drenaj sistemi, 800-dən artıq iri nasos stansiyası, 7 mindən artıq subartezian quyusu xidmət edir. Sistem çox mürəkkəbdir və təxminən 110 mindən artıq hidrotexniki qurğunu əhatə edir.
Bütün bunlar təsadüfən və ya boş yerdə yaranmayıb. Azərbaycan ta qədimdən suvarma əkinçiliyi ilə məşğul olan bir ölkədir. Vaxtilə Rusiya imperiyasının ilk meliorasiya obyekti məhz Azərbaycanda - Saatlı rayonunda açılmışdır.
Sahənin idarə olunması, islahatların aparılması üçün 30-a yaxın hüquqi-normativ aktlar vardır. Onların, demək olar, hamısı ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüs və rəhbərliyi ilə qəbul olunmuşdur.
Bu qanunlara və normativ sənədlərə əməl edən kadrlara gəldikdə isə, əlbəttə, belə bazaya malik ölkədə kadr yetişdirilməsi də diqqətdən yayınmamışdır. Sahə üzrə kadr qıtlığı yoxdur, çox təcrübəli mütəxəssislərimiz var. Onların bir hissəsi vaxtilə ölkəmizdən kənarda təhsil almış, digər hissəsi isə Azərbaycanın ali məktəblərini bitirmişlər.