ELM VƏ TƏHSİL
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda inşa müsabiqəsi keçirilmişdir
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər planı üzrə inşa müsabiqəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ATU-nun prorektoru, professor Sabir Əliyev, Azərbaycan tarixi kafedrasının müdiri, professor Fəxrəddin Məmmədov tədbirin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün sahələrlə yanaşı, elmin, təhsilin inkişafına, gənclərin vətəndaş kimi formalaşmasına xüsusi diqqət yetirmişdir. İnşa müsabiqəsi qloballaşan dünyaya sürətlə inteqrasiya edən ölkəmizin gələcəyi olan gənclərin ixtisaslı kadr kimi yetişmələri ilə yanaşı, vətənpərvərlik ruhunda tərbiyə olunmaları baxımından da böyük əhəmiyyətə malikdir.
Diqqətə çatdırılmışdır ki, bu gün də ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərə böyük diqqət və qayğı göstərilir. Onların Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda təhsil almalarına, cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərmələrinə hər cür imkan yaradılır.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda keçirilən inşa müsabiqəsində ATU-nun bütün fakültələri üzrə olmaqla yüzə yaxın tələbə iştirak etmişdir.