İQTİSADİYYAT
“Menecerlərin Kvalifikasiyası” layihəsinə start verilib
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), ASK “Biznes Konsalting” MMC, ADA Universiteti və “Your Personal Consalting” MMC-nin birgə təşkilatçılığı ilə “Menecerlərin Kvalifikasiyası” layihəsinə start verilib. Bununla bağlı keçirilən təqdimatda vebinarda konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov, ADA Universitetinin birgə layihəsi olan ADA-nın İxtisasartırma şöbəsinin rəhbəri Nərgiz İsmayılova iştirak ediblər.
ASK-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən tədbiri Azərbaycan Sahibkarlar Konfederasiyasının Menecment Komissiyasının sədri Camid Mövsümov açaraq, komissiyanın bu layihəsinin hazırlanmasında iştirak edən üzvləri təqdim edib.
ASK-ın vitse-prezidenti Vüqar Zeynalov menecerlərin inkişafının iqtisadiyyatın inkişafında mühüm həlqə olduğunu qeyd edib. Layihənin Azərbaycan menecerləri üçün faydalı olacağını qeyd edərək uğurlar arzulayıb.
ADA Fondunun prezidenti Natiq Hacıyev bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının sahibkarlığın inkişafında xüsusi rolu və yeri var, belə təşkilatların mövcudluğu cəmiyyətimizin inkişafına da töhfə verir. O, ASK-ın Qazax Müəllimlər Seminariyasının bərpa olunmasında ilk günlərdə fəal iştirakçılardan biri olduğunu vurğulayıb. ADA-nın İxtisasartırma şöbəsinin rəhbəri Nərgiz İsmayılova “Menecerlərin Kvalifikasiyası” layihəsində tərəfdaş kimi lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
ASK “Biznes Konsalting” MMC-nin direktoru Şəbnəm Nuriyeva şirkətin təqdim etdiyi xidmətlər və bizneslər arasında əməkdaşlığın genişləndirilməsi üçün olan layihələr haqqında məlumat verib.
Sonra layihənin təqdimatı ilə Aytən Davudova, beynəlxalq mütəxəssislər Metin Gül və Ayla Akın çıxış ediblər.