SİYASƏT
“MƏNİM İNSAN HÜQUQLARIM” MÖVZUSUNDA RƏSM VƏ FOTO SƏRGİSİ AÇILMIŞDIR
Bakı, 21 aprel (AZƏRTAC). T.İsmayılov adına “Uşaq dünyası” rəsm qalereyasında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, “Ümidli gələcək” Uşaq Təşkilatı və Valideyn-Müəllim Assosiasiyasının təşkilatçılığı ilə uşaqların Dünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş “Mənim insan hüquqlarım” mövzusunda rəsm və foto sərgisi açılmışdır.
Ombudsman Aparatından bildirmişlər ki, bu münasibətlə keçirilən mərasimdə nüfuzlu beynəlxalq qurumların, dövlət və qeyri-hökumət təşkilatlarının, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı nümayəndələri iştirak etmişlər. YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Məhəmməd Aləmi, Valideyn-Müəllim Assosiasiyasının rəhbəri Təranə Şərifova və başqaları çıxış etmişlər.
Ombudsman Aparatının əməkdaşı Rəvan Səmədov çıxışında sərginin uşaqların estetik zövqünün, dünyagörüşünün, vətənpərvərlik hisslərinin və hüquq mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 2009-cu ilin “Uşaq ili” elan edildiyi, Ombudsmanın bununla bağlı çoxsaylı təkliflər verdiyi qeyd olunmuşdur.
Müxtəlif nominasiyalar üzrə fərqlənənlər mükafatlandırılmış, onlara sertifikatlar verilmişdir.