İDMAN
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti birinci Avropa Oyunlarından yazır
Bakı, 9 iyun, AZƏRTAC
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları haqqında növbəti məqalə dərc olunub.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə “Bakı-2015”-in əhəmiyyətindən, hazırlıq işlərindən, Prezident İlham Əliyevin iştirakı ilə Avropa Oyunları məşəlinin yandırılması mərasimindən, məşəlin ölkənin bölgələrini gəzib-dolaşmasından bəhs edilir, açılış mərasimində onun Bakı Olimpiya Stadionuna gətiriləcəyi diqqətə çatdırılır.
Bildirilir ki, 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Xatırladaq ki, “Bakı-2015” Avropa Oyunlarına dair birinci məqalə qəzetin 8 may tarixli nömrəsində dərc olunmuşdu.