İQTİSADİYYAT
“Mərkəzi Azəri” platformasında profilaktik işlərə başlanılmışdır
Bakı, 8 dekabr (AZƏRTAC). Dekabrın əvvəlindən Xəzərdə “Mərkəzi Azəri” platformasında profilaktik işlərə başlanılmışdır.
“bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, plan üzrə texniki xidmət üçün “Azəri” yatağının bütün platformalarında neft hasilatı növbə ilə dayandırılır. Platformalarda həyata keçirilən profilaktik işlər 2011-ci ilin iş proqramında və büdcəsində əvvəlcədən nəzərdə tutulmuşdur və artıq “Şərqi Azəri” və “Qərbi Azəri” platformalarında bu işlər həyata keçirilmişdir. Səmərəli texniki xidmətin göstərilməsini təmin etmək məqsədi ilə cədvəl əsasında dekabrın əvvəlindən “Mərkəzi Azəri”də də profilaktik işlərə başlanılmışdır. “Mərkəzi Azəri” plan üzrə təmirə dayandırılan sonuncu platformadır.
Qeyd edək ki, oktyabrın 20-dən başlayaraq profilaktik işlər əvvəlcə “Şərqi Azəri”, sonra isə “Qərbi Azəri” platformalarında həyata keçirilmişdir. Platformalardan birində iş görülən zaman “Azəri” yatağında yerləşən digər iki platformada hasilat davam etdirilir.
bp-nin idarəçiliyi altında olan digər platformalarda – “Çıraq”, “Dərinsulu Günəşli” (hər ikisi Azəri-Çıraq-Günəşli (AÇG) blokunun bir hissəsidir) və “Şahdəniz”də hasilat, eləcə də Cənubi Qafqaz qaz kəmərində (Bakı-Tbilisi-Ərzurum) və Bakı-Supsa neft kəmərində ixrac əməliyyatları adi rejimdə aparılır.
Profilaktik işlər çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Səngəçal terminalı ştat rejimində işləməyi davam etdirəcək, AÇG və “Şahdəniz”də aparılan istehsalat proseslərini əlaqələndirəcəkdir. Ceyhan limanından yüklənmələr də “Azəri” yatağındakı platformalarda hasilatın növbə ilə dayandırılması və planlı texniki xidmətlə əlaqədar həcmlərin azalmasını əks etdirən cədvələ uyğun həyata keçiriləcəkdir.