İQTİSADİYYAT
Mərkəzi bank 2011-ci il üçün pul siyasətinin hədəfləri və strateji çərçivəsini seçmişdir
Bakı, 1 yanvar (AZƏRTAC). 2011-ci ildə Mərkəzi Bank öz mandatına uyğun olaraq pul siyasətini makroiqtisadi sabitliyin təmin olunmasına yönəldəcəkdir.
Makroiqtisadi proqnozları, o cümlədən xarici iqtisadi amilləri və neft gəlirlərinin artmasını nəzərə alaraq bank pul siyasətində illik (12 aylıq) inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması və inflyasiyanın yüksək volatilliyinin qarşısının alınmasını əsas hədəf sayır. Bu hədəfin realizasiyasında digər iqtisadi qurumların da fəaliyyətinin əlaqələndirilməsi mühüm rol oynayacaqdır.
Həmçinin Mərkəzi Bank inflyasiyanın daha səmərəli hədəflənməsini təmin etmək üçün çevik məzənnə rejimlərinə keçidi davam etdirəcəkdir. Belə ki, dünya təcrübəsində çevik məzənnə rejimləri pul kütləsinə nəzarətin gücləndirilməsinin başlıca şərti hesab olunur. Bu və ya digər rejimə tədrici keçid valyuta gəlirlərinin şaxələndirilməsi səviyyəsi, valyuta risklərini sığortalayan maliyyə alətlərinin inkişafı, dollarlaşmanın azaldılması, maliyyə bazarının dərinliyi, habelə, manatın ixrac sektorunun rəqabət qabiliyyətinə real təsir səviyyəsindən asılı olaraq mümkün olacaqdır.