ELM VƏ TƏHSİL
M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” əsəri məktəblilərin ifasında təqdim olunmuşdur
Bakı, 23 aprel (AZƏRTAC). Bu il Azərbaycan dramaturgiyasının banisi, görkəmli mütəfəkkir, ictimai xadim M.F.Axundzadənin anadan olmasının 200 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.F.Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Yubileylə əlaqədar ölkənin müxtəlif elm, təhsil ocaqlarında, ali təhsil müəssisələrində konfranslar, seminarlar sərgilər təşkil edilir.
Bakı Slavyan Universitetinin (BSU) məktəb-lisey kompleksinin təşkilat işləri üzrə direktor müavini Naibə Kərimova AZƏRTAC-a bildirmişdir ki, bu münasibətlə məktəbimizdə müxtəlif tədbirlər keçirilir. Dramaturqun “Müsyo Jordan və dərviş Məstəli şah” əsəri liseyin Şagird dram studiyası və BSU-nun Tələbə Gənclər Təşkilatı tərəfindən hazırlanmışdır. Məktəbin X sinif şagirdlərinin ifasında uğurla səhnələşdirilən tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbirdə Şagird dram studiyasının rəhbəri, dosent Şəhla Əhmədova ədibin yaradıcılığının öyrənilməsi ilə paralel tamaşanın nümayişinin gənc nəslin mənəvi aləminin zənginləşməsi və teatr maraqlarının artmasına səbəb olacağını qeyd etmişdir.