SİYASƏT
Milli Məclisdə Azərbaycan-Latviya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC, Aidə Quluzadə). Fevralın 25-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşüdür.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov iki ölkə arasındakı dostluq münasibətlərindən danışaraq bildirmişdir ki, Azərbaycan-Latviya əlaqələri gündən-günə inkişaf edir. Sədr qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafında oynadığı rolu xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan ilə Latviya arasında hüquqi baza da mövcuddur. İndiyədək iki ölkə arasında 30-a qədər sənəd imzalanmışdır, 5 sənəd isə imzalanmaq üçün hazırlanır.
Milli Məclisin sədri, həmçinin Azərbaycanla ilə Latviya arasında ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Nümayəndə heyətinə Azərbaycanın sürətli inkişafı haqqında məlumat verən sədr qeyd etmişdir ki, bu gün ölkəmizin regionun və Avropanın enerji təhlükəsizliyində böyük rolu vardır. Azərbaycan müstəqil dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə görə regionun lider dövlətinə çevrilmişdir.
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı haqqında məlumat vermişdir.
O bildirmişdir ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımı siyasətinin yüz illərlə ölçülən tarixi vardır. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam edir, silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmaq istəmir. Təəssüf ki, münaqişənin nizamlanması üçün xeyli səylər göstərilməsinə baxmayaraq, indiyədək bu sahədə əsaslı irəliləyişə nail olunmamışdır. Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsin tərəfdarıdır.
Diqqətə çatdırılmışdır ki, Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən törədilmiş ən dəhşətli cinayətdir. Bu soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. Xocalı faciəsi dünyanın bir çox ölkələrində soyqırımı kimi tanınmışdır.
Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyers ölkələrimiz arasında dostluq münasibətinin inkişafının məmnunluq doğurduğunu vurğulamışdır. Əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilmişdir.
Y.Reyers Xocalı qətliamı ilə bağlı demişdir ki, bu, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Azərbaycanın Latviyadakı diaspor təşkilatlarının bu faciə ilə bağlı həqiqətlərin ölkə ictimaiyyətinə çatdırılmasında mühüm işlər gördüyü vurğulanmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.