SİYASƏT
MİLLİ MƏCLİSİN AŞPA-DAKI DAİMİ NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İLHAM ƏLİYEVİN AFR NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜ
Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyev Almaniya Bundestaqının Avropa Birliyinə dair məsələlər üzrə komissiyasının sədri Fridbert Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüş zamanı İlham Əliyev bildirdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatın tam hüquqlu üzvü olan Azərbaycan demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, müxtəlif sahələrdə islahatların həyata keçirilməsi sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsini daim nəzarətdə saxlayır. Ölkəmiz bu beynəlxalq quruma üzv olduğu qısa müddətdə Milli Məclisin nümayəndə heyəti Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli nəticələr əldə etmişdir.
Sonra İlham Əliyev respublikamızda iqtisadiyyatın inkişafından danışaraq dedi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması bölgəmizdə iqtisadi tərəqqiyə böyük təkan verəcəkdir. Azərbaycanda iqtisadiyyatın digər sahələrinin də inkişaf etdirilməsi daim diqqət mərkəzindədir.
Azərbaycanı Qafqazda böyük potensiala malik bir ölkə kimi səciyyələndirən cənab Fridbert Pflüger respublikada ictimai-siyasi sabitliyin yaranmasında Prezident Heydər Əliyevin rolunu xüsusi vurğuladı, bu sabitliyin iqtisadi inkişaf üçün böyük əhəmiyyəti olduğunu söylədi.
Qonaq qısa müddətdə ölkəmizdə çox böyük işlər görüldüyünü bildirərək dedi ki, bir sıra dövlətlərin uzun illər keçdikləri yolu Azərbaycan az vaxtda qət etmişdir. Bəşəri dəyərlərdən bəhrələnən Azərbaycan tezliklə regionun ən qabaqcıl dövlətlərindən birinə çevriləcəkdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional münaqişələrin beynəlxalq hüquq normalarına uyğun, dinc yolla həlli barədə fikir mübadiləsi aparıldı.