SİYASƏT
Milli Məclisin deputatları QİƏT Parlament Məclisinin iclasında iştirak edirlər
Bakı, 22 may (AZƏRTAC). Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 39-cu ümumi iclası Yerevanda öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Məclisi sədrinin müavini Asəf Hacıyev, deputatlar Musa Quliyev və Jalə Əliyeva iştirak edirlər.
İclasda QİƏT-ə üzv dövlətlərdə vergi sisteminin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair razılaşmanın yerinə yetirilməsi, fasiləsiz təhsil sisteminin tətbiqi, uşaqların hüquqlarının müdafiəsi, üzümçülük və şərabçılığın inkişaf perspektivləri barədə məsələlər müzakirə olunacaqdır.
Tədbirdə Asəf Hacıyevin “İnformasiya və kommunikasiya texnologiyaları - davamlı iqtisadi inkişafa yardım” mövzusunda və “QİƏT Parlament Məclisinin seçkilərə dair qaydaları” haqqında çıxış edəcəkdir.
Toplantıda deputatlar Musa Quliyev və Jalə Əliyeva müxtəlif məsələlərlə bağlı məruzə edəcəklər.
Assambleya çərçivəsində Büro və Daimi Komitəsinin də iclasları keçiriləcək, maliyyə və bir sıra təşkilatı məsələlərə baxılacaqdır.
Tədbirin sonunda reqlamentə əsasən təşkilata sədrlik Azərbaycana keçəcəkdir.