SİYASƏT
Milli Məclisin növbəti iclası keçirilmişdir
Bakı, 22 may (AZƏRTAC). Mayın 22-də Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə cari məsələlərə baxılmış, Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları problemlərə münasibət bildirmişdir. Sonra iclas gündəlikdəki qanun layihələrinin müzakirəsi ilə davam etmişdir.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilmişdir. Bunların əksəriyyəti qanunlara əlavələrin və dəyişiklərin edilməsi ilə bağlıdır.
Parlamentin iclasında “Həbs yerlərində saxlanılan şəxslərin azadlıqlarının təmin edilməsi haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihələri ikinci oxunuşda müzakirə olunacaqdır.
“Dövlət rüsumu haqqında”, “Prokurorluq haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət müdafiəsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və s. qanunlara dəyişiklər ediləcəkdir.
İclasda bir neçə beynəlxalq sənədə də münasibət bildiriləcəkdir. Bunların sırasında “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında”, “Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında”, “Azərbaycan Hökuməti ilə Xorvatiya Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza sənədindən azad edilməsi haqqında” sazişlərin layihələri də vardır.
Eyni zamanda, iclasda “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birinci zirvə toplantısının bəyannaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsinə də baxılacaqdır.