REGİONLAR
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar igid döyüşçünün ev-muzeyi ziyarət olunub
![](/files/galleryphoto/2022/1/1200x630/16442527881064158270_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1644252788398365057_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16442527883829356560_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16442527881113018525_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16442527885101537654_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1644252788622865026_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16442527885670228047_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1644252788996365140_1200x630.jpg)
Cəlilabad, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar onun valideynləri ilə görüşüb, igid döyüşçünün ev-muzeyini ziyarət ediblər.
Anım tədbirində, həmçinin Biləsuvar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və digər qurumların əməkdaşları, yerli sakinlər, ağsaqqallar, müharibə veteranları, məktəblilər, ətraf rayonlardan gələn insanlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın salamlarını onun valideynlərinə çatdırıb.
Z.İsmayılov Milli Qəhrəman Mübariz İbrahimovun Vətən sevgisi, hədsiz vətənpərvərlik ruhu, keçdiyi rəşadətli döyüş yolu, göstərdiyi igidlik və şücaətdən danışıb.
Qeyd olunub ki, qəhrəmanlığı ilə ölümsüzlüyə qovuşan Mübariz İbrahimov hər bir azərbaycanlı üçün iftixar mənbəyi, qürur yeridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə Mübariz kimi mərd oğulların şücaəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu ağır məğlubiyyətə uğradaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsinin Qələbə ilə başa çatması, əzəli torpaqlarımızın işğaldan azad olunması, üçrəngli bayrağımızın tarixi ərazilərimizdə dalğalanması ilə bu gün Milli Qəhrəman Mübariz İbrahimov və bütün şəhidlərimizin ruhları şaddır.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, anası Şamama İbrahimova və qardaşı Bəhruz İbrahimov onların ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.