MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Respublikada hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıqda ittiham olunan bir qrup şəxs barəsində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İstintaq şöbəsi tərəfindən cinayət işinin ibtidai istintaqı başa çatdırılıb.
Cinayət işi üzrə aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 1992-ci ilin may ayında hakimiyyətə qayıtmaq cəhdi baş tutmayandan sonra respublikadan qaçaraq Moskva şəhərində özünə sığınacaq tapmış və Azərbaycanda hakimiyyəti zor gücünə ələ keçirmək niyyətlərindən əl çəkməyən Ayaz Mütəllibov rəhbəri olduğu “Azərbaycanın tərəqqisi uğrunda” ictimai-regional mədəni-maarif fondunu əslində respublikaya qarşı təxribat fəaliyyəti mərkəzinə çevirmişdir. Fondun ofisində cinayət planları hazırlanır, müvafiq təşkilati tədbirlər və görüşlər keçirilir. Eks-prezident Mütəllibov Azərbaycanda törətdikləri cinayət əməllərinə görə axtarışda olan şəxslərdən bu işdə fəal istifadə etməklə yanaşı həmin qanunazidd fəaliyyətin maliyyələşdirilməsində Rusiya Federasiyasında kommersiya fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının cəlb olunmasına ciddi cəhdlər göstərir. Ətrafına topladığı şəxslərə hakimiyyətə qayıdacağı təqdirdə müxtəlif rəhbər vəzifələr vəd edən Ayaz Mütəllibov Azərbaycan Respublikasında sabitliyin pozulması məqsədi ilə separatçı qüvvələrdən də istifadə etməkdən çəkinmir, onların Moskva şəhərində fəaliyyət göstərən qurumlarının ayrı-ayrı nümayəndələri ilə vaxtaşırı görüşlər keçirir.
Ayaz Mütəllibovun dövlət çevrilişi planlarına görə ötən ilin sentyabr-oktyabr aylarında respublikada mövcud sosial problemlərin qabardılması yolu ilə ictimai-siyasi vəziyyəti gərginləşdirmək hesabına, əsasən Bakı şəhəri və ətraf kənddərdə ardıcıl küçə yürüşləri və mitinqlər təşkil edilməli, əvvəlcədən hazırlanmış qruplar tərəfindən həmin tədbirlər kütləvi iğtişaşlara çevrilməli, daha sonra silahlanmış qüvvələr prosesə cəlb olunmaqla həyati əhəmiyyətli obyektlər və dövlət idarəetmə orqanlarının inzibati binaları zəbt olunmalı, 18 oktyabr - Müstəqillik günündə Mütəllibovun rəhbərliyi ilə “Demokratik qüvvələrin” hakimiyyətə gəlməsi təmin edilməli idi.
Eks-prezident öz cinayətkar niyyətlərinin icrasında başçılıq etdiyi Vətsəndaş Birliyi Partiyasına və “Ayaz Mütəllibovun hüquqlarını müdafiə komitəsinə”, Vəhdət Partiyasına, Bakı və Kəndlər Birliyinə arxalanmaqla həmin qurumların rəhbərləri və radikal funksionerləri ilə ötən il ərzində dəfələrlə Moskva şəhərində görüşlər keçirməklə onları təlimatlandırmış, bu proses cari ilin ötən aylarında da davam etdirilmişdir.
Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmçinin sübuta yetirilmişdir ki, Ayaz Mütəllibov özünün mətbuat katibi işlətdiyi Teylor İbrahimovu Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi istiqamətində görülən hazırlıq işlərinin gedişi barədə məlumatlar əldə etmək və onun zəruri göstərişlərini icraçılara çatdırmaq məqsədi ilə 2001-ci ilin sentyabr ayının 9-da Bakı şəhərinə göndərmiş, sonuncu Bakı şəhərində olarkən “Ayaz Mütəllibovun hüquqlarını müdafiə komitəsi”nin və Vətəndaş Birliyi Partiyasının rəhbər və sıravi heyətindən olan üzvləri Sabir Hacıyev, Adil Qəhrəmanov, Fərhad Muradov, Camal Mustafayev, Mübariz İbadov və qeyriləri ilə intensiv görüşlər keçirmiş, həmin şəxslər tərəfindən Ayaz Mütəllibovun zor gücünə hakimiyyətə gətirilməsi istiqamətində görülən işlərin gedişi ilə maraqlanmış və əldə etdiyi məlumatları mütəmadi olaraq Ayaz Mütəllibova çatdırmışdır. Sadalanan şəxslərdən Adil Qəhrəmanov, Fərhad Muradov, Camal Mustafayev, Eldar Allahverdiyev və Tahir Səfiyev Teylor İbrahimovla Ayaz Mütəllibovu Azərbaycan Respublikasının Konstitusiyasına zidd yollarla hakimiyyətə gətirmək üçün öz imkanlarını birləşdirmək, əlaqəli fəaliyyət göstərmək barədə razılığa gəlmişlər. 2001-ci ilin sentyabr-oktyabr aylarında keçirilən mütəmadi görüşlərində bu şəxslər özlərinin malik olduqları real canlı qüvvədən, odlu silahlar və partlayıcı maddələrdən hakimiyyətin zor gücünə ələ keçirilməsi üçün istifadə etməyi Ayaz Mütəllibovun emissarına təklif etmiş, habelə bu məqsəd üçün əlavə canlı qüvvə və silah-sursat toplayacaqlarına söz vermişlər.
Aparılan hazırlıq işlərinin tərkib hissəsi kimi, Adil Qəhrəmanov cəmiyyətin müxtəlif təbəqələrində onların çevriliş niyyətlərini dəstəkləyən etibarlı şəxslərin və kifayət qədər silah-sursatın mövcudluğunu Ayaz Mütəllibovun nəzərinə çatdırmaq məqsədi güdərək, Teylor İbrahimovu əvvəllər Qarabağ döyüşlərində iştirak etmiş Camal Mustafayevlə, sonuncu isə onu Xocavənd batalyonunun keçmiş döyüşçüsü Əbülfət Hüseynovla görüşdürmüşdür. Bu görüşlər zamanı Camal Mustafayev həqiqətən də göstəriş verilən an silahlanaraq mövcud hakimiyyətə qarşı çıxmağa və Ayaz Mütəllibovun silah gücünə hakimiyyətə gətirilməsində iştirak etməyə hazır olan adamları olduğunu bildirmişdir. Əbülfət Hüseynov isə onun da planlaşdırılan qanunsuz aksiya zamanı digər keçmiş döyüşçülərlə birlikdə Ayaz Mütəllibovu dəstəkləyəcəyini bəyan etmişdir.
Tahir Səfiyev və Yaşar İbişov hakimiyyətin zorla ələ keçirilməsində onların köməyinə arxalana biləcəklərini, həmin aksiyada iştirak etmək üçün öz sıralarına başqa şəxsləri də cəlb edəcəklərini bildirmiş, Tahir Səfiyev isə eyni zamanda hakimiyyətin ələ keçirilməsi üçün kifayət qədər silah və sursata malik olduqlarına Ayaz Mütəllibovun emissarını inandırmaq üçün qanunsuz əldə edib saxladığı bir ədəd “kalaşnikov” avtomatını, onun patronlarını, partlayıcı maddə olan 1 kiloqram amonalı və 1 ədəd “F-1” markalı əl qumbarasını cinayətkar qurupa təqdim etmişdir.
Dövləti cinayətlər törədilməsinə hazırlıqda iştirakları sübuta yetirilmiş “Ayaz Mütəllibovun hüquqlarını müdafiə komitəsi”nin üzvləri Camal Mustafayev, Adil Qəhrəmanov, Eldar Allahverdiyev və Fərhad Muradov, habelə Bakı şəhəri Xətai rayon polis idarəsinin əməkdaşı Tahir Səfiyev barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunda həmin şəxslər barəsində ittiham aktı iyul ayının 26-da təsdiq olunmuş və istintaq materialları baxılmaq üçün Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinə göndərilmişdir.
Bu cinayətin təşkilatçısı Ayaz Mütəllibov, cinayətin hazırlandığını bilə-bilə bu barədə müvafiq dövlət orqanlarına məlumat verməyən şəxslər barəsində, habelə Bakı şəhərinin bəzi kəndlərində qanunsuz silah və döyüş sursatı saxlanması faktları üzrə cinayət işləri ayrılmışdır və hazırda həmin işlər üzrə intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Milli Təhlükəsizlik Nazirliyi bəyan edir ki, Azərbaycan dövlətçiliyi və müstəqilliyi əleyhinə yönəldilmiş və hakimiyyətə zorakılıqla, qeyri-sivil yollarla gəlmək cəhdlərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.