REGİONLAR
Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universitetinin birgə reallaşdırdığı layihənin ilk təlimi başa çatıb
Bakı, 28 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin ilk təlimləri başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, noyabrın 23-dən 27-dək “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən ilk təlimlərdə MDU-nun İqtisadiyyat və idarəetmə, Mühəndislik və Pedaqoji fakültələrini təmsil edən tələbə və magistrantlar, eləcə də akademik və inzibati heyət üzvləri iştirak ediblər.
Almaniyanın Siegen Universitetinin professor-müəllim heyəti, “Prime Academy” komandasının üzvləri və uğurlu sahibkarlıq təcrübəsi olan iş adamları tərəfindən keçirilən təlimlər biznes-planların hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzuları əhatə edib. Təlim zamanı iştirakçıların praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə işgüzar oyunlar təşkil edilib və onların hazırladıqları biznes-planların təqdimatları dinlənilib.
Ən yaxşı təqdimat və biznes-plan hazırlayan təlim iştirakçıları layihənin sonunda mükafatlandırılacaq.
Qeyd edək ki, birgə layihə təlim iştirakçılarında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini və regional ekosistemin inkişafına töhfə verməyi hədəfləyir. Yeni dövrün tələblərinə uyğun olaraq sürətlə modernləşən MDU qarşısına qoyduğu bu hədəflərə çatmaq üçün yerli və xarici universitetlərlə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.