ELM VƏ TƏHSİL
MİRVARİ BEYNƏLXALQ FONDUNUN XEYRİYYƏ AKSİYASI
AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə istinadla xəbər verir ki, yanvarın 26-da Nyu-Yorkda Mirvari Beynəlxalq Fondu tərəfindən xeyriyyə aksiyası keçirilmişdir. Aksiyadan məqsəd Bakının Şüvəlan qəsəbəsində oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinin şagirdlərinə göstərilən yardımı davam etdirmək idi. Tədbirdə azərbaycanlılarla yanaşı, əcnəbi gənclər də fəal iştirak etmişlər.
Mirvari Beynəlxalq Fondu 2007-ci ildə Nyu-York Ştatında bir qrup azərbaycanlı gənc tərəfindən təsis olunmuşdur. Fondun fəaliyyəti azərbaycanlı uşaqlara yardım göstərməyə yönəlmişdir. Ayın əvvəlində təlim-tərbiyə müəssisəsinə kompyuterlər alınmışdır. Hazırda Fond bu məktəbin kompyuter dərslərini maliyyələşdirir. Layihənin əsas məqsədi kimsəsiz uşaqlara informasiya texnalogiyası sahəsində mütəxəssis olmaq üçün yardım göstərməkdir. Fond gələcəkdə də bu cür aksiyalar keçirməyi və sponsorları cəlb etməyi nəzərdə tutmuşdur.