DÜNYA
“Moderna” şirkəti COVID-19-a qarşı vaksinin ABŞ-da qeydiyyata alınması üçün sənədləri təqdim edib
Vaşinqton, 2 dekabr, AZƏRTAC
“Moderna” şirkətinin nümayəndələri öz vaksinlərinin 94.1 faiz effektiv olduğunu bildiriblər.
AZƏRTAC xəbər verir ki, şirkətin bəyanatına görə, xəstəliyin ağır keçdiyi hallarda vaksinin effektivliyi 100 faizə bərabərdir. Şirkətin press-relizində göstərilir ki, “Moderna” preparatın ABŞ-da qeydiyyata alınması üçün sənədləri təqdim edib.
Tədqiqatın üçüncü mərhələsində 30.000 amerikalı iştirak edib. Onların yarısına 4 həftə intervalla iki doza vaksin verilib. İştirakçıların digər yarısına plasebo vurulub. Bütün iştirakçılar arasında yalnız 196 könüllü COVID-19 xəstəliyinə tutulub. Onlardan 185 nəfəri plasebo almış qrupa, qalan 11 nəfəri isə vaksin almış qrupa daxil idi.
Plasebo qrupundan olan 30 iştirakçıda xəstəliyin ağır keçməsi müşahidə olunub, bir ölüm faktı qeydə alınıb. Peyvənd edilmiş könüllülərin heç birində xəstəliyin ağırlaşması müşahidə olunmayıb. Bu o deməkdir ki, bu vaksin xəstəliyin ağır formalarının qarşısının alınmasında 100 faiz effektiv hesab edilə bilər. Vaksin müxtəlif yaş, gender, irqi və etnik qruplarda effektiv hesab edilir. COVİD-19-a yoluxmuş 196 iştirakçıdan 33 nəfərin yaşı 65-dən yuxarı, 42 iştirakçı müxtəlif etnik çoxluqların nümayəndələri (latın amerikalı, qaradərili, asiyalı) idi.
AZƏRTAC-ın Vaşinqton bürosu