ELM VƏ TƏHSİL
Moskvada “Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Moskva, 8 fevral, AZƏRTAC
Moskvada “Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin və Özbəkistanın Rusiyadakı səfirliyinin dəstəyi ilə keçiriləcək beynəlxalq konfransın təşkilatçıları qismində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Asiya və Afrika Ölkələri İnstitutu çıxış edəcək.
Konfransın açılış mərasimində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Aleksey Maslov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Özbəkistanın Rusiyadakı səfiri Botirjon Asadov, Avrasiya Xalqları Assambleyasının Baş Katibliyinin rəhbəri – Baş katibin birinci müavini, RF Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü, Rusiya Xalqları Assambleyası Şurasının sədri, siyasi elmlər doktoru Svetlana Smirnova və başqaları təbrik çıxış edəcəklər.
Konfransda “XXI əsrdə nizamişünaslıq (Nizami Gəncəvinin anadan olmasının 880 illiyi)”, “Nizami Gəncəvi yaradıcılığında ədalət axtarışı”, “Ə.Nəvai yaradıcılığında Nizaminin humanizm prinsiplərinin varisliyi”, “Nizami Gəncəvi və İntibah məsələləri” mövzularında məruzələr dinlənəcək.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasının müdiri, tarix elmləri doktoru, professor Jibek Szdıkova AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, Nizami və Nəvaiyə həsr edilmiş elmi konfrans keçirilməsinin qərara alınması təsadüfi deyil: Nəvai Nizami yaradıcılığına yaxşı bələd idi. Alim deyib: “Nəvai də insanı tərənnüm edirdi. Onun məhəbbət lirikası və fəlsəfi lirikası çox məşhurdur. Nizami Şərq Renessansının banisi hesab edilirsə, Nəvai də Nizami ideyalarının layiqli davamçısı sayıla bilər. Buna görə mən belə bir konfrans təşkil etməyi qərara aldım ki, biz bütün Şərq poeziyasının, xüsusən türk ədəbiyyatı və mədəniyyətinin tərkib hissələrini görə bilək”.
J.Sızdıkova elmi konfransın adı barədə qeyd edib ki, Nəvai və Nizaminin əsərlərində insanın tərənnümü ana xətt təşkil edir. O deyib: “Mən Nizami və Nəvainin yaradıcılığının əsrlər boyu, peşəsindən asılı olmayaraq hər bir insanın qəlbinə nüfuz etməsinin səbəbi barədə çox düşünmüşəm. Nəhayət, Pasternakın “dövrləri bağlayan tellər” sözlərini xatırladım və konfransın adı beləcə yarandı”.
Agentliyin müsahibi dünyanın bir çox ölkələrində elmi ictimaiyyətin bu mövzuya böyük maraq göstərdiyini vurğulayıb. O deyib: “Konfransda iştirak etmək istəyənlərin sayı çoxdur. Azərbaycan Elmlər Akademiyasından olan mütəxəssislər bu şairlərin əsərlərinin mahiyyətini açıqlaya bilərlər. Qazaxıstandan, Moskva Universitetinin filialından olan professorlar Nəvai və Nizami yaradıcılığında sivilizasiya prinsiplərinin birləşməsi mövzusu ilə maraqlanırdılar. MDB ölkələrindən və uzaq xaricdən olan universitetlər konfransda təmsil olunacaqlar”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva