DÜNYA
Moskvada Rusiya Federasiyası ilə Qazaxıstan arasında əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur
Astana 9 fevral (AZƏRTAC). Qazaxıstan Prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə dövlət başçısı Nursultan Nazarbayev Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Vladimir Putinlə görüşmüşdür.
Görüşdə Rusiya ilə Qazaxıstan arasında bütün sahələrdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi, 2013-2015-ci illər üçün Birgə Fəaliyyət Planının yerinə yetirilməsi məsələləri, inteqrasiya proseslərinin gücləndirilməsi, o cümlədən Avrasiya iqtisadi Birliyi (AİB) və Birgə İqtisadi Məkan (BİM) çərçivəsində fəaliyyətin əlaqələndirilməsi məsələləri geniş müzakirə olunmuşdur.
Nursultan Nazarbayev demişdir ki, biz ölkələrimiz arasında mehriban qonşuluq və tərəfdaşlıq Müqaviləsinin yeni variantının hazırlanmasına göstəriş vermişik və mən əminəm ki, Yekaterinburq şəhərində keçiriləcək növbəti görüşümüzdə bu sənədi imzalayacağıq. AİB və BİM-la əlaqədar bütün məsələlər üzrə iş davam edir. 2014-cü ilin mayında Saziş hazır olmalıdır ki, biz 2015-ci ildə AİB-nin yaradılmasını elan edək.
Prezidentlər gələcəkdə Baykonur kosmodromundan qarşılıqlı maraqlar çərçivəsində birgə istifadə edilməsi istiqamətində konstruktiv əməkdaşlığın davam etdirilməsi ilə bağlı da razılıq əldə etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana