SİYASƏT
MSK CƏNUB BÖLGƏSİNDƏ SEÇKİ HÜQUQU ÜZRƏ İXTİSASLAŞDIRILMIŞ KURSLAR TƏŞKİL ETMİŞDİR
Astara, 24 sentyabr (AZƏRTAC). Mərkəzi Seçki Komissiyası bu ilin dekabrında ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı cənub bölgəsindəki dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslar təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən keçirilən təlim məşğələlərində Mərkəzi Seçki Komissiyası üzvlərinin, şəhər və rayon məhkəmələri sədrlərinin, rayon icra hakimiyyətləri aparatı nümayəndələrinin, rayon prokurorlarının və dairə seçki komissiyaları sədrlərinin seçki hüququ ilə əlaqədar müxtəlif mövzularda məruzələri dinləniləcəkdir.
77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının binasında keçirilən kurslarda DSK-nın sədri Hikmət Əkbərov çıxış edərək bildirmişdir ki, bu ilin dekabrında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının təsdiq ediyi Tədbirlər Planına müvafiq olaraq keçirilən təlim kurslarının əsas məqsədi bələdiyyə seçkilərinin yüksək səviyyədə, azad, demokratik və şəffaf keçirilməsini təmin etməkdir.
H.Əkbərov bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının gördükləri işlər barədə məlumat vermiş, bu sahədə qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.
Tədbirdə rayon məhkəməsinin sədri İsmayıl Abdurrahmanov “Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqları. Seçki hüququnun məhkəmə müdafiəsi”, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Natiq İbadov “İcra hakimiyyəti və bələdiyyə qurumlarının seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı vəzifələri”, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının sədri Hikmət Əkbərov “Vətəndaşların seçki hüquqlarının pozulmasına aid şikayətlərə baxılması” mövzularında məruzə etmişlər.
Məşğələnin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Mərkəzi Seçki Komissiyasının nümayəndəsi İlham Yusifov tədbirdə iştirak etmişdir.