Müdafiə Nazirliyinin nümayəndələri əmək veteranını ziyarət ediblər
Bakı, 21 aprel, AZƏRTAC
Müdafiə Nazirliyinin nümayəndələri 25 ildən artıq Hərbi Nəşriyyatda çalışan Rəna Mahmudovanın 70 illik yubileyi münasibətilə onu evində ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti yubilyarı doğum günü münasibətilə təbrik edərək ona nazirliyin rəhbərliyi adından təbrik məktubunu, əmək veteranı vəsiqəsini, nazirliyin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatını və #evdəqal kampaniyası çərçivəsində həyata keçirilən ərzaq yardımını çatdırıblar.
Uzun illər Hərbi Nəşriyyatda çalışan R.Mahmudova əməyi və işgüzarlığı ilə hamının rəğbətini qazanan vətənpərvər bir xanım, təcrübəli işçi kimi özünü tanıdıb. Əmək veteranımız elə bu hərbi müəssisədən də təqaüdə çıxıb.
R.Mahmudova göstərilən diqqətə görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirib.