ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu müsabiqəsində fiziki tərbiyə və təsviri incəsənət fənni üzrə test imtahanları keçirilir
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də təsviri incəsənət və fiziki tərbiyə fənni üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imtahanlara ümumilikdə 2 min 594 namizəd dəvət olunub.
Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.