İDMAN
Mundial arenalarında sərxoş azarkeşlərin sayının çox olması FİFA-nı narahat edir
Bakı, 2 iyul (AZƏRTAC). Beynəlxalq Futbol Federasiyasının (FİFA) baş katibi Jerom Valke etiraf etmişdir ki, Braziliyada keçirilən dünya çempionatı matçları zamanı stadionlarda sərxoş azarkeşlərin sayının çox olması bu təşkilatı narahat edir. AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Jerom Valkenin sözlərinə görə, təhlükəsizlik mülahizələri bunu tələb edərsə, arenalarda alkoqollu içkilər satışına nəzarət tətbiq ediləcəkdir.
İTAR-TASS agentliyi Valkenin aşağıdakı sözlərini sitat gətirir: “Azarkeşlərin çoxunun sərxoşluq dərəcəsi məni çox narahat edir. Alkoqollu içkilərdən hədsiz istifadə edilməsi zorakılıq hallarının artmasına səbəb ola bilər. Biz təhlükəsizlik məsələsinə həmişə xüsusi diqqət yetiririk və əgər stadionlarda alkoqollu içkilər satışına nəzarət olunmasını vacib hesab etsək, bunu tətbiq edəcəyik”.
Eyni zamanda Valke etiraf etmişdir ki, bu cür nəzarətin həyata keçirilməsi çətin olacaqdır, çünki funksionerin sözlərinə görə “Mən sənə bir bakal pivə sataram, amma ikincisini – yox” demək həmişə çətindir.
Braziliyanın hakimiyyət orqanları məhz FİFA-nın təzyiqi nəticəsində dünya çempionatı matçları zamanı stadionlarda pivə satışına icazə verən qanun qəbul etməyə məcbur olmuşlar. Qeyd edək ki, başqa vaxtlarda Braziliya stadionlarında alkoqollu içkilər satışı qadağandır.
Valke bunu belə izah etmişdir: “Biz bunu ona görə xahiş etdik ki, əvvəlki çempionatlarda da belə etmişdik, amma indiyə qədər heç vaxt belə problem yaranmamışdı”.
FİFA-nın baş katibi onu da bildirmişdir ki, Braziliyada keçirilən çempionat iştirakçıların nümayiş etdirdiyi futbolun səviyyəsinə görə tarixdə ən yaxşı çempionatdır. Budəfəki dünya birinciliyi azarkeşlərə çoxlu parlaq oyunlar və xoşagələn sürprizlərlə əlamətdardır. Builki mundialda vurulmuş qolların sayı 1982-ci ildən bəri ən çox olmuşdur.
Bütövlükdə çempionata hazırlıq dövründə yaranmış bir sıra problemlərə baxmayaraq sonda birinciliyin təşkili gözləniləndən yüksək olmuşdur.
Xatırladaq ki, Braziliyada keçirilən turnir artıq dörddə bir final mərhələsinə çatmışdır və iyulun 13-dək davam edəcəkdir.