İQTİSADİYYAT
Müsabiqə qalibləri ilə görüş
Bakı, 24 aprel (AZƏRTAC). ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şirkətin müəssisə və təşkilatları tərəfindən elan olunmuş vakansiyalar üzrə müraciət etmiş 302 namizəd arasında müsabiqədə müvəffəqiyyət qazanmış 54 nəfərlə İnsan Resursları Departamentində görüş keçirilmişdir.
Görüşdə İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli çıxış edərək bildirmişdir ki, ARDNŞ-də işə qəbul prosesi müvafiq qanunvericiliklə təsdiq edilmiş normativ aktların tələblərinə uyğun olaraq ədalətli, obyektiv, şəffaf və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. ARDNŞ-də bilikli, bacarıqlı, səriştəli və peşəkar vətəndaşlar üçün hər zaman iş imkanları mövcuddur.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər bildirmişlər ki, test, peşə sınaq imtahanı və müsahibə prosesində obyektivlik və şəffaflığın qorunması tam təmin olunmuş, iştirakçılara səmimi münasibət göstərilmişdir. Namizədlər onlara belə bir şəraitin yaradıldığına görə minnətdarlıqlarını bildirmiş, vətəndaşların bilik və bacarıqlarının üzə çıxarılmasına göstərilən diqqətə görə təşəkkür etmişlər.