REGİONLAR
Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Cəlilabad, 13 iyun, Bağır Əliyev, AZƏRTAC
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Salyan, Neftçala və Lənkəran şəhərindəki İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya, Lənkəran şəhərindəki Qarışıq Tipli Uşaq Evi ilə birgə 15 iyun - Milli Qurtuluş və 18 iyun - Milli İnsan Hüquqları Gününə həsr olunmuş "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında insan hüquqları konsepsiyasının müəllifidir" mövzusunda regional videokonfrans keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov 1993-cü il iyunun 15-i tarixinin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu vurğulayıb, insan hüquq və azadlıqlarının müdafiəsinin demokratik cəmiyyətdə əsas amil olduğunu bildirib.
Qeyd edilib ki, İnsan hüquqları konsepsiyası müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən ən vacib, ən üstün prinsiplərdən sayılır. Müstəqil Azərbaycan Respublikasında da insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədi elan edilib. Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, bu mühüm sahədə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Ziya İsmayılov çıxışında, həmçinin ənənəvi olaraq hər il ölkəmizdə 18 may-18 iyun tarixlərində “İnsan hüquqları aylığı”nın keçirilməsi, onun mahiyyəti, əhəmiyyəti, Müvəkkilin fəaliyyəti və insan hüquqlarının effektiv müdafiəsi ilə bağlı mühüm müddəalar barədə geniş məlumat verib.
Regional tədbirdə çıxış edənlər Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıblar.
Çıxışlarda qeyd olunub ki, müstəqillik tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü ölkəmizdə böyük təntənə ilə qeyd edilir.