İQTİSADİYYAT
Müsüslü-Qarabucaq mənzilində 5,5 kilometr dəmir yolu əsaslı təmir olunur
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də dəmir yolunun Müsüslü-Qarabucaq mənzilində 5,5 kilometr yolun əsaslı təmirinə start verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri üç gün müddətində davam edəcək.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 289 kilometr dəmir yolu əsaslı təmir olunub.