REGİONLAR
Muxtar respublikada ilk dəfə reallaşdırılan “Bootcamp” layihəsi uğurla yekunlaşıb




Naxçıvan, 8 fevral, AZƏRTAC
Muxtar respublikada ilk dəfə reallaşdırılan informasiya-kommunikasiya texnologiyalarının “Bootcamp” layihəsi uğurla yekunlaşıb.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, üç gün davam edən layihənin ilk günü veb-developer Durna Zeynallı “React” proqramlaşdırma dili haqqında iştirakçıları məlumatlandırıb.
Estoniyadan təlimə onlayn qoşulan həmyerlimiz, veb-developer Haşım Haşımov “Backend proqramlaşdırma” mövzusunda çıxış edərək “Python haqqında”, “Pythonun kitabxanaları”, “Köməkçi alətlər” kimi mövzulardan bəhs edib.
Təlimin ikinci günü “Bulud texnologiyaları” haqqında onlayn məlumat verən BestCompt MMC-nin əməkdaşı İlyas Novruzlu bildirib ki, bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Günün ikinci yarısı Naxçıvan Dövlət Universitetinin aparıcı mühasibi Təhmasib Quluzadə “Rəqəmsal iqtisadiyyat, digital marketinq” mövzusunda təlim keçib.
Təlimin sonuncu günü universitetin İKT və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli “Əşyaların interneti: əldə edilən təcrübə və perspektivlər”, “Startap və ekosistemlərin tətbiqində İKT” adlı təlimlərdə bu sahədə baş verən ən son texnoloji yenilikləri iştirakçıların diqqətinə çatdırıb. Tələbələrin hazırladığı startap layihələri dinlənilib, onlara mentor dəstəyi göstərilib.
Təlimlər zamanı tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün intellektual oyunlar təşkil edilib. Layihənin yekun günündə “SR Group CO” şirkətinin Senior Systems administratoru Rəşad Bayramovun “İT sahəsinə gedən yol” mövzusundaki təlimi dinlənilib.
Qeyd edək ki, təlimin sonunda təlimçilərə universitet adından təşəkkürnamə təqdim edilib.