Muxtar respublikada tikinti-quruculuq işləri davam etdirilir
Naxçıvan, 4 aprel, AZƏRTAC
Muxtar respublikanın bölgələrində aparılan tikinti-quruculuq işləri davam etdirilir. Bu ilin mart ayından başlayaraq Babək rayonunun Babək qəsəbəsindəki dövlət qurumlarının yerləşdiyi dördmərtəbəli inzibati bina əsaslı şəkildə yenidən qurulur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, burada rayon Statistika İdarəsi, Dövlət Sığorta Agentliyi, “Şərqin səhəri” qəzeti redaksiyası, Gənclər və İdman İdarəsi, Məşğulluq Mərkəzi və digər dövlət orqanları üçün iş otaqları ayrılacaq. Yenidənqurma işlərindən sonra rayon Baytarlıq İdarəsi ilə Gigiyena və Epidemiologiya Mərkəzinin də bu binada yerləşdirilməsi nəzərdə tutulub. Binanın zirzəmi qatında həmin mərkəzin laboratoriyaları fəaliyyət göstərəcək.
Qeyd edək ki, mart ayından etibarən qəsəbədəki məsciddə də təmir-bərpa işləri aparılır. Məscidin həyətində yaşıllıq salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq.
Şahbuz şəhərindəki Heydər Əliyev prospektində ötən ilin sonlarında inşasına başlanılan Şahbuz Rayon Mədəniyyət Evi üçün bina yaxın vaxtlarda istifadəyə veriləcək.
Ümumi sahəsi bir hektaradək olan ərazinin 904 kvadratmetr sahəsində inşa olunan binanın tikintisini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir.
Qeyd edək ki, 2 mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində 278 nəfərlik zal, dekorasiya və hazırlıq otaqları, ikinci mərtəbədə işçilər, həmçinin məşq üçün otaqlar nəzərdə tutulub. Binanın zirzəmi hissəsində isə qazanxana, elektrik otağı və mətbəx yerləşəcək.