REGİONLAR
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur
Naxçıvan, 29 sentyabr, AZƏRTAC
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, bu ilin yanvar-avqust aylarında sənaye üzrə 772 milyon 115 min manat dəyərində məhsul istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Qeyd edək ki, son dövrlər bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, uğurlu investisiya siyasəti, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı yeni məhsul növlərinin istehsalını təmin edib, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafına yeni imkanlar yaradıb.