Muxtar respublikada yaşıllıq sahələri 170 hektar artırılıb
Naxçıvan, 16 aprel, AZƏRTAC
Bu ilin yaz əkin mövsümündə muxtar respublikada yaşıllıq sahəsi 170 hektar artırılıb. Belə ki, 21,5 hektarı üzüm bağı olmaqla, 78,5 hektar sahədə yeni meyvə bağları, 91,5 hektar sahədə isə yaşıllıq zolaqları salınıb, 221 min meşə və meyvə tingi, bəzək və gül kolları əkilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2018-ci ildə Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı olaraq muxtar respublikada 21 hektar ərazidə “Gənclər bağı” salınıb. Əkin işlərinin aparılmasında istifadə edilən ting ehtiyatı nazirliyin tingçilik təsərrüfatlarında yetişdirilib. Hazırda tingçilik təsərrüfatlarında 300 mindən çox əkinəyararlı meşə və meyvə tingləri, eləcə də gül kolları var.
İlin əvvəlindən bəri muxtar respublikada təbiətin mühafizəsi sahəsində tədbirlər davam etdirilib, 20 yoxlama-reyd aparılıb. Həmçinin istifadə edilən suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması və standartlara uyğunluğunun öyrənilməsi məqsədilə 35 monitorinq-yoxlama həyata keçirilib. Bundan başqa, tullantı poliqonlarında ekoloji vəziyyət nəzarətdə saxlanılıb, ətraf mühit və təbii sərvətlərdən istifadəyə dair 49 müəssisəyə ekoloji ödənişlər tətbiq edilib.