CƏMİYYƏT
Narkomaniya təhlükəli infeksion xəstəliklərə yol açır
Bakı, 23 aprel (AZƏRTAC). Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyinin kompleksində narkomaniya və QİCS xəstəliklərinin qarşısının alınması məsələlərini müzakirə etmişdir.
GVB-dən AZƏRTAC-a bildirmişlər ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında “Gənclərin iştirakı ilə regionlara avtoturun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində baş tutmuşdur.
Tədbirdə bildirilmişdir ki, könüllülər Bakı şəhərində gənclər arasında narkomaniya haqqında məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə sorğu keçirmişlər. Nəticələrə görə, gənclərin 50 faizi narkotiklərin fiziki asılılığa səbəb olduğunu, 46,9 faizi QİÇS xəstəliyinə şərait yaratdığını, 34,4 faizi isə müxtəlif psixi pozuntular törətdiyini bildirmişlər. Xüsusilə 18-24 yaşlı gənclər düzgün cavablar vermişlər ki, bu da müsbət hal kimi qəbul edilə bilər.
Qeyd olunmuşdur ki, gənclərin əksəriyyəti narkomaniyanın təhlükəli infeksion xəstəliklərin yayılmasına şərait yaratdığını, immuniteti zəiflətdiyini və bunların fonunda digər xəstəliklərə yol açdığını bilmir. Buna görə də gələcəyimizi qorumaq, gənclərimizi pis vərdişlərdən qorumaq məqsədilə orta ixtisas və ali məktəblərdə bu sahədə işlərimizi gücləndirməliyik. Bunun üçün yeniyetmə və gənclər müxtəlif dərnəklərə, ictimai işlərə, idman bölmələrinə cəlb edilməli, hətta televiziya kanallarında da bu məsələyə geniş yer ayrılmalıdır.