REGİONLAR
Naxçıvan boksçuları Azərbaycan çempionatında uğurlu çıxışları ilə yadda qalıblar
Naxçıvan, 1 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, boks üzrə böyüklər arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Altı nəfər idmançı ilə yarışa qatılan Naxçıvan Muxtar Respublikasının boks üzrə yığma komandası uğurlu nəticələrlə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, 56 kiloqram çəki dərəcəsində favorit göstərilən ilk Avropa Oyunlarının bürünc medalçısı, naxçıvanlı boksçu Tayfur Əliyev ötənilki çempionluğunun təsadüfi olmadığını isbatlayıb. Məşqçi Məmmədəli Eyvazovun yetirməsi olan Tayfur həlledici döyüşdə Tural Əhmədovdan güclü olaraq, ardıcıl ikinci dəfə Azərbaycan çempionu adına layiq görülüb.
Böyüklər arasında ilk dəfə mübarizə aparmaq hüququ əldə edən Sərxan Əliyev də mükafatçılar sırasına düşməyi bacarıb. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Sərxan yalnız final görüşündə, dünya çempionu Cavid Çələbiyevlə qarşılaşmada məğlub olaraq, çempionatı gümüş medalla başa vurub.
Çempionatda çıxış edən digər Naxçıvan boksçulardan da uğurlu nəticə göstərənlər olub. 81 kiloqram çəki dərəcəsində Eldar Quliyev, ən ağır çəkidə isə Ağalar Sadiqzadə çempionluğa sevinən tərəf olublar.