MƏDƏNİYYƏT
Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin birinci kurs tələbələrinin hesabat konserti olmuşdur
Naxçıvan, 29 noyabr (AZƏRTAC). Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsinin birinci kurs tələbələrinin hesabat konserti olmuşdur.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, proqrama Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri T.Quliyevin, F.Əmirovun, Ü.Hacıbəylinin, Q.Qarayevin, V.Adıgözəlovun ölməz bəstələri, dünya klassiklərindən P.Çaykovskinin, F.Şopenin məşhur kompozisiyaları, həmçinin Azərbaycan xalq mahnıları daxil edilmişdir. Konsertdə musiqi müəllimliyi ixtisası üzrə təhsil alan xarici tələbə Bilal Ərdoğanın “Uca dağ başında” mahnısını sazda ifa etməsi tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Konsertin sonunda fikirlərini bölüşən universitetin rektoru, professor Saleh Məhərrəmov demişdir ki, incəsənət fakültəsinin həyatında əlamətdar hadisə olan birinci kurs tələbələrinin hesabat konserti qabiliyyətlərin nümayişi baxımından əhəmiyyətlidir. Rektor universitetdə digər sahələrdə olduğu kimi, ali musiqi təhsilinə də dövlət qayğısı göstərildiyini diqqətə çatdırmış, tələbələrə uğurlar arzulamışdır.
İncəsənət fakültəsinin müəllimləri tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən razılıq ifadə etməklə yanaşı, öz irad və təkliflərini də bildirmişlər.