Naxçıvanda müasir infrastrukturun qurulması kənd və ekoturizmin inkişafına əlverişli şərait yaradır


Naxçıvan, 28 sentyabr, AZƏRTAC
Mineral və müalicə əhəmiyyətli 250-dən çox su mənbəyinin mövcudluğu, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti Naxçıvanda turizmin inkişafı üçün geniş perspektivlər açır. Son illər qədim diyarın mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizm sahəsinin də inkişafına təsir edib, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artıb.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər ali təhsil ocağında “Naxçıvanda beynəlxalq turizmin inkişaf istiqamətləri: problemlər, perspektivlər” mövzusunda keçirilən “dəyirmi masa”da səsləndirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkədə, həmçinin muxtar respublikada turizmin inkişafına göstərilən qayğıdan və bu sahədə görülən işlərdən söz açıb. Bildirilib ki, qədim diyarımızın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qurulması, istirahət və əyləncə mərkəzlərinin yaradılması, tarixi-mədəni irsə qayğı, yaşayış məntəqələrinin abadlaşdırılması, enerji, nəqliyyat, rabitə xidmətinin yüksəldilməsi muxtar respublikada kənd və ekoturizmin inkişafını şərtləndirir. Bu gün Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli iqlim şəraiti, abad yolu və müasir rabitə xidməti ilə turizmin inkişafı üçün böyük imkanlar açır.
Bələdiyyə və turizm kafedrasının müəllimi Günel İsayeva qədim diyarda tarixi-mədəni turizmlə yanaşı, turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və digər növlərinin inkişaf etdirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Tədbirdə universitetin elmi işləri üzrə prorektoru, dosent Mübariz Nuriyevin, bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimovanın, kafedranın müəllimi, dosent Hafiz Hüseynovun, turizm və sosial mədəni servis xidməti ixtisası üzrə I kurs magistri Seymur Məmmədovun mövzu ilə bağlı fikir və təklifləri dinlənilib.