REGİONLAR
Naxçıvanda şahmat üzrə Azərbaycan çempionatı davam edir
Naxçıvan, 8 fevral, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 3-cü turun oyunları başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu turda naxçıvanlı zəka sahiblərindən beynəlxalq usta Pərviz Qasımov (2379) FIDE ustası Elvin Bayramovla (2280) üz-üzə gəlib. Görüş naxçıvanlı şahmatçının qələbəsi ilə başa çatıb. FIDE ustası Sadiq Məmmədov (2220) isə beynəlxalq usta Murad İbrahimli (2418) ilə görüşdən məğlub ayrılıb. Beynəlxalq usta Toğrul Həsənzadə (2292) Atilla Eynullayevi (2324), qrossmeyster Urfan Sevdimalıyev (2359) FIDE ustası Zaur Bayramovu (2357), beynəlxalq usta Talıb Babayev (2256) isə FIDE ustası Şiroğlan Talıbovu (2307) sınağa çəkib. Bu görüşlərdə tamaşaçılar Toğrulun qələbəsinə, Urfanın heç-heçəsinə, Talıbın isə məğlubiyyətinə şahidlik ediblər.
Turnir cədvəlinin liderləri qrossmeyster Misrəddin İsgəndərovla (2566) qrossmeyster Vasif Durarbəylinin (2615) görüşündə qalib müəyyənləşməyib.
Qrossmeyster Aydın Süleymanlı (2530) bu turda qrossmeyster Nicat Məmmədova (2604) məğlub olub. FIDE ustası Xəzər Babazadə (2427) FIDE ustası Elmar Atakişiyevdən (2240) üstün olub. Qrossmeyster Fərid Abbasov (2527) isə beynəlxalq usta İsmayıl Şahəliyev (2380) ilə xalları yarı bölüb.
Çempionatın favoritlərindən biri qrossmeyster Eltac Səfərli (2597) Əhməd Əhmədzadə (2467) ilə görüşdə ağ-qara taxtanı “sülh”lə tərk edib. FIDE ustası Uğur İlyaslı (2310) ilə görüşdə beynəlxalq usta Məhəmməd Muradlı (2528) uğursuzluğa düçar olub. FIDE ustası Vüqar Manafov (2299) isə FIDE ustası Fərid Mustafayevi (2322) məğlub etməklə aktivinə bir xal yazdırıb.
Üç turdan sonra turnir cədvəlinə Vasif Durarbəyli, Nicat Məmmədov və Misrəddin İsgəndərov 2,5 xalla başçılıq edirlər.
Qeyd edək ki, birinci mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda ölkə çempionunu müəyyən edəcəklər.