MƏDƏNİYYƏT
“Nə qədər ki, Azərbaycan var, o qədər də Heydər Əliyev olacaq!” fikri bədii-fəlsəfi kompozisiyanın leytmotivi kimi səslənmişdir
Bakı, 11 dekabr (AZƏRTAC). Bu günlər ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də dünyanın ən böyük siyasətçilərindən biri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılır.
AZƏRTAC xəbər verir ki, dekabrın 11-də ADMİU-nun Tədris Teatrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.
Tədbir Ulu Öndər haqqında sənədli filmin nümayişi ilə başlanmışdır.
Mərasimdə Heydər Əliyev şəxsiyyətindən, Ulu Öndərin dövlət və mədəniyyət tariximizdəki möhtəşəm fəaliyyətindən söz açılmışdır.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev qədim və zəngin Azərbaycan mədəniyyətinin böyük təəssübkeşi olmuşdur. Bu dahi şəxsiyyət incəsənətimizin bütün sahələrindən dövlətçilik siyasətində qüdrətli vasitə kimi istifadə etmişdir. Çağdaş Azərbaycan mədəniyyətində Ulu Öndərin möhtəşəm bədii-tarixi obrazı yaradılmışdır.
“Nə qədər ki, Azərbaycan var, o qədər də Heydər Əliyev olacaq!” fikri səhnə xadimlərinin Ümummilli Liderə məhəbbətlə yaratdıqları bədii-fəlsəfi kompozisiyanın leytmotivi kimi səslənmişdir.
Tədbirdə ulu öndər Heydər Əliyevin sevdiyi şeirlər və mahnılar, ona həsr olunmuş əsərlər səslənmişdir.