İQTİSADİYYAT
Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı ilə bağlı protokol imzalanmışdır
Bakı, 20 may (AZƏRTAC). Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvililinin ölkəmizə səfəri çərçivəsində Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı ilə bağlı protokol imzalanmışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə tərəflər Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə sərhədinədək (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Sazişə” əlavə və dəyişikliklər barədə protokol imzalamışlar. Protokolda qeyd edilir ki, sahənin layihələndirilmə, inşa, reabilitasiya-rekonstruksiya işlərinin, həmçinin müvafiq infrastruktur obyektlərinin tikintisinin maliyyələşdirilməsi Azərbaycan tərəfindən Agent-Bank vasitəsilə ümumi məbləği 775 milyon ABŞ dolları təşkil edən kredit xətti hesabına həyata keçiriləcəkdir. Kredit xətti iki tranşdan ibarətdir (Tranş A və Tranş B).
Tranş A - illik dərəcəsi 1 faiz olmaqla 25 il müddətinə 200 milyon ABŞ dolları məbləğində, Tranş B - illik dərəcəsi 5 faiz olmaqla 25 il müddətinə 575 milyon ABŞ dolları məbləğindədir.
Qeyd edək ki, Tranş-A çərçivəsində ayrılan vəsait bu layihə ilə bağlı 2007-ci ildən bəri görülən işləri əhatə edir.
Tranş-B-nin ayrılmasının səbəbləri isə son illər dünya bazarında mal-materialların qiymətlərinin qalxması, Marabda-Kartsaxi dəmir yolunun mövcud vəziyyətinin bütün detalları ilə yenidən qiymətləndirilməsi, işlərin kəskin iqlim şəraitində aparılması və s. ilə bağlıdır. Yüklərin daşınmasının səmərəliliyinin artırılması, həmçinin işlərin daha sürətli və keyfiyyətlə aparılması üçün Azərbaycan və Gürcüstan birgə müəssisə də yaradacaqlar.