Nərgiztəpə yaşayış məskənində aşkar edilən arxeoloji materiallar böyük əhəmiyyətə malikdir
Xocavənd, 17 avqust (AZƏRTAC). Xocavənd rayonu ərazisində yerləşən Nərgiztəpə qədim yaşayış məskənində arxeoloji tədqiqatlar davam edir.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev AZƏRTAC-a bildirmişdir ki, aparılan tədqiqatlar zamanı Nərgiztəpə yaşayış məskənində orta tunc, antik və orta əsrlərə aid üç mədəni təbəqə aşkar edilmişdir. Tunc dövrünə aid olan təbəqədəki qala divarı, keramika nümunələri və gil fiqur xüsusi maraq doğurur. İri çay daşlarından hörülmüş, eni 3 metr olan qala divarı bütün təpəni əhatə edir. Ağdam rayonu ərazisindəki Üzərliktəpə və Naxçıvandakı Kültəpə ilə eyniyyət təşkil edən Nərgiztəpə yaşayış yeri erkən şəhər mədəniyyətinin ilkin nümunələrindəndir.
Tədqiqatlar zamanı məlum olmuşdur ki, Nərgiztəpə ətrafındakı qəbiristanlıqlar XI-XIV və XVI-XVIII əsrlərə aid müsəlman qəbiristanlıqlarıdır. Ərazidəki qəbirüstü daşların üzərinə qazıma üsulu ilə müxtəlif işarə (ox, kaman və s.), damğalardan ibarət naxışlar çəkilmişdir. Qəbirlərin üstündə, eləcə də ətrafdakı iri yumru daşlar diqqəti cəlb edir. Rəvayətə görə, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələrin bəziləri, xüsusilə Qaraca Çoban ilə bağlı əhvalatlar bu ərazilərdə baş vermişdir.
Arxeoloji tədqiqatlar Nərgiztəpə ərazisində orta tunc dövründən başlayaraq mədəniyyətlərin ardıcıl olaraq bir-birini əvəz etdiyini göstərir. Buradakı abidələrin əhəmiyyətini nəzərə alaraq, ərazidə arxeoparkın, turizm obyektlərinin yaradılması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilmişdir.
Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan Nərgiztəpə ərazisində aparılan arxeoloji tədqiqatlar həm qədim tariximizin öyrənilməsi, həm də siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edir.